2014-cü ilin 1 yanvar tarixinə Azərbaycanda Bakı sakinlərindən cəlb olunan əmanətlər üzrə bankların portfeli 5 mlrd. 943 mln. 978,9 min manat təşkil edir, bu isə ötən ilin əvvəlinə olan göstəricidən 25% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2014-cü il yanvarın 1-nə əhalinin bütün bank əmanətlərinin 92,6%-i Bakı sakinlərinin əmanətlərinin payına düşür.
Bakıda əmanətlər əhalidən orta hesabla illik 8,1%-lə qəbul edilir, respublika üzrə bu göstərici 8% təşkil edir.
Ümumilikdə, paytaxt sakinləri əmanətlərini milli valyuta ilə yatırmağa üstünlük verirlər. Milli valyuta ilə əmanətlərin payına 3 mlrd. 586 mln. 558,3 min manat (2013-cü il ərzində artım 32,2% - İF-Az) və ya Bakı üzrə bütün əmanətlərin 60,3%-i düşür. Xarici valyuta ilə əmanətlərin payına 2 mlrd. 357 mln. 420,6 min manat (artım 14,4%) və ya Bakı üzrə bütün əmanətlərin 39,7%-i düşür.
Paytaxtda banklar əhalidən xarici valyuta ilə əmanətləri illik orta hesabla 9%, milli valyuta ilə 7,5% dərəcəsi ilə qəbul edir.
1 yanvar 2014-cü il tarixinə Azərbaycanın regionlarındabanklar əhalidən 475 mln. 632,3 min manat məbləğində əmanət cəlb edib, bu isə 2013-cü ilin əvvəlinə olan göstəricidən 32,4% çoxdur.
Regionlarda daha çox Abşeron iqtisadi rayonunun əhalisi pullarını banklarda saxlamağa üstünlük verir. 2014-cü il yanvarın 1-nə Abşeron iqtisadi rayonundakı banklarda əhalinin əmanətləri illik orta hesabla 9% dərəcəsi ilə 151 mln. 187,1 min manat təşkil edir.
Banklar Gəncə-Qazax iqtisadi rayonunun sakinlərindən 53 mln. 184,5 min manat (orta hesabla illik 5,4% dərəcəsi ilə), Aran iqtisadi rayonunun sakinlərindən 135 mln. 913,1 min manat, (illik 7,4% dərəcəsi ilə) əmanət cəlb ediblər.
Qalan əmanətlər respublikanın digər iqtisadi rayonlarının əhalisinin payına düşür.
Bakıda olduğu kimi regionlarda da əhali əmanətlərini milli valyuta ilə qoymağa üstünlük verir.