2014-cü ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 16 mln. 452,8 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının ümumi həcminin strukturunda 75% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 25% dövlət sektorunun payına düşüb.
Hesabat ayında dəmir yolu ilə 1 mln. 366,7 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2013-ci ilin yanvar ayının göstəricisindən 27% azdır.
Yanvar ayında respublikanın dəniz nəqliyyatı ilə 850,2 mln. ton (azalma 20,4%) müxtəlif yük daşınıb. Bununla yanaşı, daşınmış yüklərin 56,5%-i neft və neft məhsullarının, 43,5%-i quru yüklərin payına düşüb.
Bu dövrdə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 8 mln. 827,4 min ton (artım 5,7%) təşkil edib.
Hava nəqliyyatı ilə yük daşımaları 10 min ton (artım 29,9%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 3 mln. 718,9 min ton neft (artım 3,2%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 78,4%-i və ya 2,9 mln. ton Bakı-Tiflis-Ceyhan neft kəmərinin payına düşüb. DSK-nın məlumatına görə, 2014-cü ilin yanvar ayında BTC neft kəməri ilə 488,3 min. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.