Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Ukraynada hakimiyyətinin kütləvi etiraz aksyası iştirakçılarına qarşı hərəkətlərini kəskin pisləyib.
“Biz bu ölkədə baş verənləri pisləyirik. Ukrayna hakimiyyətinin hərəkətləri demokratiya və insan haqqları prinsiplərinə ziddir”, - deyə M.Pancikidze çərşənbə günü Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının Gəncədə görüşünün yekunlarına dair mətbuat konfransında bəyan edib.
Gürcü naziri Ukrayna rəhbərliyini müxalifətlə dialoqa çağırıb və Gürcüstanın Ukrayna xalqı ilə həmrəyliyini ifadə edib.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, öz növbəsində vurğulayıb ki, Bakı Ukraynada sabitliyin bərpa olunmasını arzu edir.
“Ukraynada baş verən hadisələr xoş deyil”, - deyə o vurğulayıb.
E.Məmmədyarov Ukraynada olan Azərbaycan vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etmək və toqquşma yerlərindən uzaq olmağa çağırıb.
Türkiyənin XİN başçısı Davud Əhmədoğlu həmçinin Ukraynada tezliklə ictimai-siyasi sabitliyin bərpa olunmasının zərurəti barədə bəyan edib.