Əmlak Məsələləri Dövlət Komitəsi Milli Məkan Məlumat Bazasının təqdimatını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri çərşənbə günü mərasimdən məlumat verib.
“Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ƏMDK tərəfindən daşınmaz əmlak reyestri, daşınmaz əmlakın vahid kadastrı, ünvanlı reyestr, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinin məlumat bazasının əks olunduğu elektron-məlumat resursları və sistemlər yaradılıb. Həmin resurslar Milli Məkan Məlumat Bazasının əsasını təşkil edir”, - deyə Komitənin sədri Kərəm Həsənov təqdimatda çıxışında bəyan edib.
Sədr qeyd edib ki, bu sitem yerli idarəetmə orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti, biznes cəmiyyətinin tələbatlarını təmin edir.
O, həmçinin bildirib ki, 2015-ci ilin sonuna Bakının daşınmaz əmlakın kadastrı tərtib ediləcək. “Artıq paytaxtın Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər rayonları üzrə daşınmaz əmlak haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlərə başlanılıb”, - deyə K.Həsənov məlumat verib.
Onun sözlərinə görə, elektron kadastr məlumat bazası respublikanın 2 mln. hektar ərazisini əhatə edir.
K.Həsənov bildirib ki, yaxın zamanda Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlanılacaq. “Respublika ərazisində ünvanvermə işlərini davam etdiririk. Bakı şəhəri üzrə 1235, Sumqayıt şəhərində 70 küçə və prospektdə giriş ünvanları təyin edilib. Gəncə şəhərində də bu prosesə artıq başlanılıb”, - deyə o bildirib.
Sədr vurğulayıb ki, Komitə tərəfindən təqdim olunan 40 elektron xidmətdən 16-sı elektron hökumət portalına daxil edilib. “Cari nilin sonuna kimi həmin portala daha 15 xidmət inteqrasiya olunacaq. Söhbət dövlət əmlakının özəlləşdirilməsi üzrə hərracda ərizələrin elektron qəbulu, əmlakın icarəsinə görə icarəyə götürənin borcun məbləği barədə məlumatlandırma və s. kimi xidmətlərdən gedir”, - deyə o bildirib.
Təqdimatda dövlət strukturları, QHT və özəl sektorun nümayəndələri iştirak ediblər.