Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti ilə tanış olub. Bu barədə nazirliyin saytında məlumat verilir.
Nazir qeyd edib ki, Yüksək Texnologiyalar Parkının formalaşdırılması və zəruri infrastrukturun qurulması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilir və danışıqlar aparılır.
Bundan başqa, Azərbaycan bazarının tələbatına uyğun layihələrin hazırlanması üzrə təhlilə, bu layihələrin iqtisadi sektora təsirinin qiymətləndirilməsi, biznes imkanları və s. sahələrə əsaslanan araşdırmalar aparılır.
Ə.Abbasov məlumat verib ki, artıq Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri - biznes inkubasiyası mərkəzi olan “Pi Campus”un yaradılması üçün 20 müraciət daxil olub.
Nazirin sözlərinə görə, “YT Park”ın ofisində yeni yaranan “start-up”-lar fəaliyyətə başlayıb.
O əlavə edib ki, “YT Park” Elmi Parkların Beynəlxalq Assosiasiyası - İASP-nin (International Association of Science Parks and Areas of Innovation) üzvüdür.
Ə.Abbasov “YT Park”ın gələcək fəaliyyətinin daha səmərəli təşkili, ölkə üçün mühüm əhəmiyyət kəsb edən layihələrə dəstək verilməsi istiqamətində tövsiyələr verib.