Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində tanınmış musiqiçi, pianoçu, cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert tamaşa keçiriləcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzin direktor müavini Məsturə Quliyeva məlumat verib.
“Konsertdə iki tanınmış caz kollektivi - Vaqif Mustafazadə adına “Sevil” instrumental ansamblı və Tofiq Əhmədov adına estrada simfonik orkestrinin müşayəti ilə Jazz Band caz kollektivi iştirak edəcək.
Onun sözlərinə görə Jazz Band kollektivinə Allahyar Vəzirov rəhbərlik edir.
“Musiqiçilər V.Mustafazadənin sevilən əsərlərini ifa edəcəklər”,- deyə o bildirb.
Azərbaycanın caz bəstəkarı və pianoçusu, cazda yeni istiqamətin – Azərbaycan caz-muğamının yaradıcısı Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. Musiqiçi bir çox beynəlxalq festivalın laureatı olub. V.Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə “Əzizəni gözləyərkən” kompozisiyasının ifası zamanı səhnədə ürək tutmasından dünyasını dəyişib.