Baş Prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin bir neçə vəzifəli şəxsi barəsində cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.
Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılarkən qeyd olunan birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə dair şübhələr yaranıb.
Xüsusilə, 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əmək haqqı kartları onlara verilməyib. Həmin kartlar vasitəsilə birliyin əməkdaşları müvafiq hesablara köçürülən 214 min manat məbləğində əmək haqqlarını mənimsəyiblər.
Bununla yanaşı, Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyev xidmət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin istifadəsi ilə əlaqədar dövlətə 68 min manat məbləğində ziyan vurmasında şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.