Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanda sahibkarlara 13,1 mln. manat məbləğində kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 511 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 1,2 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun şöbə müdiri Samir Hünbətova istinadən bildirilir.
SKMF cümə günü Samux rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
İndiyədək SKMF-in xətti ilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 3 664 min investisiya layihəsinin həyata keçirilməsi üçün 134,5 mln. manat məbləğində güzəştli kredit verilib.
“Tədbir çərçivəsində 42 sahibkarlıq subyekti 1 mln. manatdan çox məbləğdə güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 70-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fond sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verib.