Cümə axşamı ABŞ-ın Arkanzas ştatının senatı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamə yekdilliklə qəbul edib. Bu baədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən məlumat verilir.
Arkanzas ştatının senatının üzvləri tərəfindən “Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və Bakının ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə” yekdilliklə qəbul edilib.
Sənəddə Azərbaycanın regionda Amerikanın mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Qətnamədə terrorçuluğa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə və insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində Aərbaycanla ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilir.
Arkanzas ştatının senatı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın regionda aparıcı rolunu qeyd edib.
Qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış qalan münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər etməsinə imkan verilməməsinin vacibliyi qeyd olunaraq NATO, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanır.
2013-cü ildə Arkanzas ştatı qanunverici orqanının hər iki palatası tərəfindən Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.