Həyat sığorta üzrə ixtisaslaşan "Qala Həyat" şirkəti Icbari Sığorta Bürosunun üzvü olub. Bu barədə Büronun saytında məlumat verilib.
"Qala Həyat" İSB-nin üzvü qismində icbarı sığorta növündən biri - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə xidmətlər təklif etmək hüququna malikdir.
İSB-nin reyestrinə daxil olan sığorta şirkətlərinin ümumi sayı 14-ə çatıb.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büroya üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 100 min manat təşkil edir.
“Qala Həyat”(əvvəllər “Qala Sığorta”) 2008-ci ilin iyul ayında sığorta fəaliyyəti üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 5 mln. 5 min manata bərabərdir. Səhmdarları fiziki şəxs Nizami Mahmudov və “AzReTəkrarsığorta” şirkətidir.
2013-cü ərzində şirkət 10 mln. 66,738 min manat sığorta haqqı əldə edib, 324,052 min manat məbləğində ödəniş həyata keçirib.