Beynəlxalq valyuta Fondunun missiyası BVF nizamnaməsinin IV maddəsi üzrə Azərbaycan iqtisadiyyatının icmalını aparmaq məqsədilə martın 4-də Bakıya gələcək. Bu barədə “İnterfaks Azərbaycan” agentliyinə BVF-nun Bakı ofisindən məlumat verilib.
“Raca əl Mərzuqinin(BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri – İF-Az) başçılıq etdiyi missiya 4-17 mart tarixlərində Bakıda səfərdə olacaq. Missiyanın məqsədi fondun nizamnaməsinin IV maddəsi üzrə Azərbaycan iqtisadiyyatının icmalını aparmaqdır”,- deyə ofisdən bildirilib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan BVF ilə iqtisadi islahatların keçirilməsində əməkdaşlıq üzrə 6 müxtəlif proqramların reallaşmasına $577,3 mln. ümumi məbləğdə kredit cəlb edib. Azərbaycan hökümətinin Beynəlxalq Valyuta Fondundan aldığı kredit üzrə borcları 2013-ci il yanvarın 1-nə $15,3 mln. təşkil edir.