Azərbaycan parlamenti üzvləri sob həftələr ərzində Ukraynada baş verən ictimai-siyasi hadisələrlə əlaqədar bu ölkəni dəstəklədiklərini qeyd ediblər.
“Ukraynada baş verən proseslər siyasi müstəvidə həllini tapmalıdır”, - deyə Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirməlidir.
“Azərbaycan xalqı Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Biz Ukraynanın tərəfdaşıyıq, bu səbəbdən Azərbaycan beynəlxalq təşkilatlarda bu ölkəni dəstəkləməlidir”, - deyə A.Mollazadə qeyd edib.
Deputat Fərəc Quliyev öz növbəsində Milli Məclis adından Ukraynanın dövlət müstəqilliyini dəstəklədiyini bəyan etməyi və iğtişaşlar nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verməyi təklif edib.
Deputatlar tərəfindən qaldırılan məsələyə münasibət bildirən Milli Məclisin spikeri Oqtay əsədov vurğulayıb ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və Bakı hər zaman bu dövlətin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyib və tanıyır.
“İndi orada yeni dövlət formalaşır. Biz məgər nə vaxtsa Ukraynanın müstəqilliyini tanımamışıq? Düşünürəm ki, daha diqqətli olamq lazımdır”, - deyə Azərbayca parlamentinin sədri vurğulayıb.