Çərşənbə axşamı Milli Məclis "Dəniz limanları haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edib.
Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, hazırda Azərbaycanda bütün dəniz əməliyyatları 1000-ə yaxın gəmini reyestrə daxil edən Dövlət Dəniz Administrasiyası tənzimləyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib.
“Azərbaycan bir çox beynəlxalq layihələrdə, həmçinin Böyük İpək Yolunun bərpası və s. iştirak edir. Bu, ölkənin nəqliyyat imkanlarının, yüklərin boşaldılıb yüklənməsi və sərnişindaşınmanın həcminin artması deməkdir”, - deyə o bildirib.
Komitə sədrinin sözlərinə görə, dövlət başçısı Qaradağ rayonunda müasir dəniz limanının tikintisi fonunda təsdiqinin zəruri olduğu "Dəniz limanları haqqında" qanun layihəsini parlamentə göndərib.
“Qanun layihəsinin maddələri dəniz limanlarının reyestri, dəniz terminalları operatorlarının fəaliyyəti, liman ərazisində xidmətlərin göstərilməsi qaydaları, liman ərazisində obyekt sahiblərinə tələblər, limanların dövlət tərəfindən tənzimlənməsi, təhlükəsizliyin təmin olunması kimi sahələri tənzimləyir”, - deyə Z.Səmədzadə qeyd edib.