Niderlandda fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları Xocalı soyqırımını tanımaq tələbi ilə bu ölkənin parlamentinə Petisiya göndəriblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
“Xocalı qətliamının öncədən planlaşdırıldığı və insanların etnik mənsubiyyətinə görə məhv edilməsinə yönəldiyi üçün bir daha təsdiq edir ki, bu cinayətlər beynəlxalq və milli hüquq normalarına əsasən soyqırım aktıdır. Ermənistan separatçıları tərəfindən törədilmiş vandalizm və zorakılıq cinayətləri soyqırım kimi qəbul edilməlidir”, - deyə Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Niderland Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım A.Eijsink və komissiyanın digər üzvlərinə təqdim olunan Petisiyada bildirilir.
Sənəddə həmçinin vurğulanır ki, beynəlxalq hüquqa əsasən soyqırım sülhə və insanlığa qarşı törədilən cinayətdir.
Petisiya Niderland parlamenti, o cümlədən, BMT-nin baş katibi və onun uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, ATƏT üzvlərinə, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanıb.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.