Botsvana xarici investisiyaların yatırılması üçün əlverişli mühitə malikdir və azərbaycanlı iş adamları üçün lazımi şəraitin yaradılmasına hazırdır. Bu barədə Botsvananın ticarət və sənaye naziri Dorkas Makqato-Malesu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş zamanı bəyan edib.
E.Məmmədyarov öz növbəsində həmsöhbətinə Bakının təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Həmçinin görüşdə ikitərfli ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Bunun üçün iki ölkə arasında hüquqi bazanın yaradılmasının əhəmiyyəti qeyd olunub.
O cümlədən, E.Məmmədyarov Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Pandu T.C Skelemani ilə görüşüb.
Nazirlər ikitərəfli münasibətlərin inkişafı, beynəlxlaq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri, iqtisadi, mədəni və enerji sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, problemin nizamlanması üzrə danışıqlar prosesində İrəvanın qeyri-konstruktiv mövqeyi barədə botsvanalı həmkarına məlumat verib.
Azərbaycan XİN başçısı Pandu T.C Skelemanini Bakıya səfərə dəvət edib.