1988-ci ildə törədilən Sumqayıt hadisələri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi başda olmaqla Sovet İttifaqının keçmiş rəhbərliyi tərəfindən planlaşdırılaraq həyata keçirilib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov bəyan edib.
“Sovet İttifaqının mərkəzi rəhbərliyinin Sumqayıtda hazırlanan təxribat barədə məlumatı olub və iğtişaşların qarşısını almayıb. O cümlədən, həmin hadisələrin arxasında erməni lobbisi və digər xarici xüsusi xidmət orqanlarının dayandığı müəyyən edilib”, - deyə o cümə axşamı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) keçirilən İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı. “Qriqoryanın işi” adlı kitabın təqdimat mərasimində vurğulayıb.