Ukraynada siyasi vəziyyətdən asılı olmayaraq, Bakı ilə qarşılıqlı münasibətlər Kiyev üçün hər zaman prioritet təşkil edəcək. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko cümə axşamı mətbuat konfransında bəyan edib.
“Ukraynada vəziyyətin necə formalaşmasından asılı olmayaraq, Azərbaycan-Ukrayna münasibətləri hər zaman strateji və dostluq xarakteri daşıyır. Azərbaycanla əlaqələr Ukraynada bütün siyasi qüvvələr üçün prioritet təşkil edir”, - deyə A.Mişenko vurğulayıb. O qeyd edib ki, iki ölkənin xalqları hər zaman sülh şəraitində yaşayıblar.
“Bu gün bizdə Azərbaycandan olan 3 mindən artıq tələbə təhsil alır. Onlara qarşı heç zaman mənfi münasibət müşahidə olunmayıb”, - deyə diplomat əlavə edib.
“Ukraynadakı siyasi vəziyyətə baxmayaraq, biz ümumi layihələr üzərində işləyirik. Mən rəsmi Bakıya Ukraynaya dair ölçülüb-biçilmiş mövqeyə görə minnətdaram: həmin mövqe Ukraynanın özünün vəziyyəti qaydaya salacağından ibarət olub”, - deyə A.Mişenko bildirib.
Səfir qeyd edib ki, bu gün ölkədə hər bir siyasi qüvvə öz mövqeyini təbliğ edir.
“Əsas odur ki, bu hökumətin rəsmi mövqeyi deyil. Mən əmin deyiləm ki, Moskva və ya Ankara Ukraynanın parçalanmasında maraqlıdır”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin ölkəsində vəziyyətin gərginləşməsinin arxasında hansı qüvvənin durması ilə bağlı suala cavabında bildirib.
“Qərbə yönələn qüvvələr var, kimsə Rusiyaya meyl edir. Krımda siyasi qüvvələrin qarşıdurması baş verir. Bu normal hadisədir”, - deyə diplomat qeyd edir.
A.Mişenko vurğulayıb ki, Rusiyanın bir sıra mətbu orqanı Ukraynada baş verən hadisələrlə bağlı qeyri-obyektiv məlumat yayır.
“Bu gün artıq Ukraynaya sülh və sakitlik qayıdır. Ölkənin regionlarına nəzər salın. Bir sıra mətbu orqanında verilən məlumat (gərginliyin artması haqıında – İF-Az) şişirdilir”, - deyə diplomat bildirib.
Diplomat Ukraynanın ərazi bütövlüyünün pozulmasının mümkün olmaması barədə bəyan edib.
“Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Ayrı-ayrı KİV-lər ölkənin mümkün parçalanması mövzusunu müzakirə edərkən mübaliğə edirlər”, - deyə A.Mişenko əlavə edib ki, ölkəsində “heç bir hərcmərclik yoxdur”.
“Ukrayna özündə olan nüvə silahını könüllü təhvil verərkən həm Rusiya, həm də ABŞ ölkənin suverenliyinin zamini qismində çıxış etdi. Ehtimallara gəlincə isə, əgər ölkənin ərazi bütövlüyü təhlükə altında olarsa, o zaman biz müvafiq beynəlxalq təşkilatlara müraciət edərək lazımi tədbirlər görəcəyik”, - deyə diplomat vurğulayıb.
O həmçinin Maydanda xalqın qalmaqda davam etməsini şərh edib.
“Siz görürsünüz, Maydanda insanlar dağılmırlar. Bu gün onlar 2005-ci ildə Maydan hadisələrindən sonra baş verənlərin təkrarlanmasından qorxurlar. O zaman Maydan vasitəsilə hakimiyyətə gələnlər xalqın ümidlərini doğrultmadılar. Korrupsiya, qohumbazlıq və s. təzahürlər davam edirdi”, - deyə səfir qeyd edib.
“Sadə insan hökumətin diqqət mərkəzində olmayıb.Yalnız hökumət nümayəndələri və onların yaxın ətrafı varlanırdı. Yanukoviçin siyasəti xalqın hüquqlarını pozaraq, özünün və ailəsinin şəxsi zənginləşməsinə yönəlmişdi”, - deyə diplomat vurğulayıb.
A.Mişenko həmçinin qeyd edib ki, yeni hakimiyyət üzərinə böyük məsuliyyət götürdüyünü anlayır.
“Bu gün Ukraynada qanuni hakimiyyət formalaşıb. Yeni hökumət daha müdrik olacaq və xalqın maraqlarına yönələcək. Bu gün hökumətə daxil olan şəxslər bunu anlayırlar. Onlar üçün asan olmayacağını başa düşürlər”, - deyə o qeyd edib.