Mətbuat Şurası xəbər saytlarına dövlət dəstəyi göstərilməsi təşəbbüsü ilə çıxış edir
“Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır və bu təşəbbüslə çıxış edir”,- deyə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Mətbuat Şurasında keçirilən “Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda “dəyirmi masa” da çıxışı zamanı bildirib. Bu barədə MŞ-nin mətbuat xidməti məlumat verir.
Onun fikrincə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti artdıqca məsələnin daha real mexanizmi barədə düşünmək mümkün olacaq.
Azərbaycanda əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu vurğulayan Ə.Amaşov dünyanın bir sıra ölkələrində xəbər portallarının dövlət qeydiyyatının aparıldığını diqqətə çatdırıb.
O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi mediadan onlayan mediya keçid prosesi yaşanmaqdadır. Mövcud prosesdə bir sıra problemlər də var və onların həllində ictimai institut kimi jurnalistikanın özü yaxından təşəbbüs göstərməlidir.
Ə.Amaşov çıxışında Mətbuat Şurasına daxil olan şikayətlər üzərində dayanıb.
“Ötən illərlə müqayisədə internet media resurslarının fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayı çoxalmaqdadır. Bəzən görürsən ki, peşə davranışı qaydalarına etinasız yanaşan hansısa qəzetin rəhbəri sonradan xəbər saytı yaradır və eyni əməllərini orada da davam etdirir. Belələrinin xoşagəlməz davranışları əksər hallarda cəmiyyətin rəhbər tutduğu dəyərlərə də kölgə salır”,- deyə o bildirb.
Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq Mətbuat Şurası bir sıra tədbirlər həyata keçirib.
“Şuranın tərkibində İnternet media resursları üzrə Komissiya yaradılıb. Biz eyni zamanda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na dəyişikliklər aparmaqla internet media orqanlarını da bir növ, ictimai məsuliyyətə çağırmışıq”, - deyə MŞ sədri vurğulayıb.