Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət və kommunikasiyalar naziri xanım Aurelie Filippetti ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub.
Nazir Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində, o cümlədən, Fransanın böyük təcrübəsi olan mədəni irsin qorunması, kinematoqrafiya və ədəbiyyat sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini, Azərbaycanın Fransada və Fransanın Azərbaycanda mədəniyyət ilinin yaxud mövsümümünün keçirilməsini təklif edib.
Əbülfəs Qarayev iki ölkə arasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsini təklif edib.
Nazir xanım Filippettini 2015-ci ildə bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.
Əbülfəs Qarayev Fransanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədri olmasını nəzərə alaraq, Azərbaycanla Fransa arasında bu cür qarşılıqlı mübadilələrin inkişaf etdirilməsinin ölkəmiz üçün önəmli olduğunu bildirmişdir.