Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Oğuz şərab” ASC-nin 98,4% səhmini investisiya müsabiqəsinə çıxarıb. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə komitədən bildirilib.
ASC-nin 120,069 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı yüksək keyfiyyətli şərab məhsullarının istehsalına yönəldilməlidir.
Bununla əlaqədar proqrama müəssisənin yeni texnoloji avadanlıqlarla təchizi, qurğuların təmiri və tikintilərin yenidənqurulması, məhsulun çeşidinin artırılması,iş yerlərinin bərpası daxil edilməlidir.Həmçinin, investisiya proqramına bu məqsədlərlə ayrılan investisiyaların həcmi və müddəti daxil edilməlidir.
Müsabiqə qalibi səhmlər üçün dövlət büdcəsinəən az 110 min manat köşürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2014-cü il aprelin 7-dək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi aprelin 9-da keçiriləcək.
ASC Oğuz rayonunda yerləşir. Müəssisə 1983-cü ildə istismara verilib və şərab emalı, tərəvəz məhsullarının konservləşdirilməsi ilə məşğul olur, 22 işçisi var.
2014-cü il noyabrın 1-nə ASC-nin öhdəlikləri 397,09 min manat, debitor borcları 55,499 min manat təşkil edir.
Müəssisənin nizamnamə kapitalı 2014-cü il yanvarın 1-nə 244,038 min manata bərabərdir və nominal dəyəri 2 manata bərabər olan adi səhmlərə bölünüb.
Xəbər verildiyi kimi, ilkin olaraq müəssisə 2012-ci ilin dekabr ayında investisiya müsabiqəsinə qoyulmuşdu. Lakin səhmlərə alıcı tapılmayıb.