Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ortamüddətli perspektivdə Azərbaycanda ASK sektorunda layihələrin kreditləşməsini genişləndirməyi planlaşdırır. Bu barədə AYİB-in saytında dərc olunan bankın Azərbaycan üzrə yeni strategiya layihəsində qed edilir.
2013-cü ilin dekabr ayında bankın Azərbaycan üzrə 2010-2013-cü illərə nəzərdə tutulan strategiyasının müddəti bitib. Hazırda bankın Azərbaycan üzrə yeni üçillik strategiyasının müzakirəsi aparılır.
“Azərbaycanda ASK sektoru mühüm potensiala malikdir. Bu, həmçinin Azərbaycanın regionlarının inkişafı nöqteyi-nəzərindən vacibdir. Bu səbəbdən, yeni strategiya çərçivəsində bank aqrobiznesə böyük diqqət göstərəcək”, - deyə layihədə qeyd olunur.
AYİB Azərbaycanın istehsal və emal müəssisələri, anbarların tikinsiti, logistika və informasiya texnologiyalarının inkişafını dəstəkləməyi planlaşdırır.
Ümumilikdə, layihəyə əsasən, respublikanın iqtisadiyyatının diversifikasına yardım, Azərbaycanın maliyyə sektorunun inkişafına dəsətək, idarəçilik sistemi və biznes mühitin təkmilləşdrilməsi ortamüddətli perspektivdə AYİB-in Azərbaycanda fəaliyyətinin strateji istiqamətləri olacaq.
2010-2013-cü illərdə AYİB Azərbaycanda 40 yeni layihənin reallaşdırılması üçün 435 mln. avro ümumi məbləğdə kreditlərin ayrılmasını təsdiq edib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü əzrində AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında 137 layihənin həyata keçirilməsinə $2 mlrd.-a yaxın vəsait ayırıb. Bununla belə, $540 mln.-a yaxın vəsait 73 əqd üzrə Azərbaycanda maliyyə-kredit təşkilatlarına ayrılıb.