Beynəlxalq valyuta Fondunun missiyası çərşənbə axşamı BVF nizamnaməsinin IV maddəsi üzrə Azərbaycan iqtisadiyyatının icmalına başlayır. Bu barədə “İnterfaks Azərbaycan” agentliyinə BVF-nun Bakı ofisindən məlumat verilib.
“Raca əl Mərzuqinin(BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri – İF-Az) başçılıq etdiyi missiya Bakıda səfərdədir və fəaliyyətə başlayır. Missiyanın məqsədi fondun nizamnaməsinin IV maddəsi üzrə Azərbaycan iqtisadiyyatının icmalını aparmaqdır”,- deyə ofisdən bildirilib.
BVF-nin missiyasının səfəri martın 17-də başa çatacaq.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən Azərbaycan hökuməti BVF-dan alınmalar həyata keçirmir və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan BVF ilə iqtisadi islahatların keçirilməsində əməkdaşlıq üzrə 6 müxtəlif proqramların reallaşmasına $577,3 mln. ümumi məbləğdə kredit cəlb edib. Azərbaycan hökümətinin Beynəlxalq Valyuta Fondundan aldığı kredit üzrə borcları 2013-ci il yanvarın 1-nə $15,3 mln. təşkil edir.