SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin yanvar-fevral aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 565,129 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Şirkətin məlumatına görə, bu 2013-cü ilin analoji dövrünün göstəricisindən 0,7% çoxdur.
2014-cü ilin fevral ayında SOCAR Supsa limanından 242,132 min ton Azərbaycan nefti yola salıb.
2013-cü ildə SOCAR Supsa limanından 2 mln. 725,95 min ton neft yola salıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.