Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri barəsində cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, cinayət işi Mərkəzin bir neçə vəzifəli şəxsləri tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar başlanılıb. Xüsusilə, istintaq müəyyən edib ki, Mərkəzin vəzifəli şəxsləri 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan bir il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149 min manat məbləğində dövlət vəsaitini israf ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq davam etdirilir.