Çərşənbə axşamı Milli Məclisdə abonentlərə göndərilən “spam” SMS-lərin qanunvericiliklə məhdudlaşdırılması təşəbbüsü səslənib.
Milli Məclisin plenar iclasında deputat Elmira Axundova bu təşəbbüslə çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib.
Parlament üzvü mobil rabitənin keyfiyyəti və sürətli internet ilə bağlı problemlərin mövcud olduğunu qeyd edib.
“Dəfələrlə müraciətlərə cavab olaraq provayderlər bəyan edirlər ki, indiki telefon xəttləri sürətli internetə tab gətirmir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova müraciət etmək istərdim ki, rəhbərlik etdiyi idarə bu isqtiamətdə tədbirlər görsün, əhali keyfiyyətli rabitə və internetdən istifadə edə bilsin. Regionlara gəlincə isə, qeyd etmək istərdim ki: regionların turizm mərkəzlərinə çevrildiyini nəzərə alaraq, burada sürətli internet məsələsi daha aktualdır”, - deyə E.Axundova bildirib.
Parlament üzvü mobil operatorlardan birini birbaşa ittiham edərək vurğulayıb ki, məhz onun şəbəkəsində reklam xarakterli "spam" SMS-lərdən sui-istifadə olunur.
“Bunun istehlakçıların hüquqlarının pozulması hesab edirəm. Təklif edirəm ki, istehlakçıların razılığı olmadan bu cür "spam" və SMS-lər göndərilməsin”, - deyə E.Axundova bildirib.
Milli Məclisin spikeri Oqtay Əsədov öz növbəsində yerli mobil operatorlarının sui-istifadə etdikləri “spam” SMS-lərinin abonentlərə göndərilməsinin qanunvericiliklə məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib.
Parlamentin sədri bu cür mesajların yalnız abonentin icazəsi ilə mümkün olmasına dair qanunvericilik normasının qəbulunu təklif edib.