Rusiyanın siyasi rəhbərliyi Krım Muxtar Respublikasında vəziyyətin qeyri-sabitləşməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirməyə, o cümlədən Ukrayna Silahlı Qüvvələrini güc tətbiqinə təhrik etməyə davam edir. Bu barədə Ukraynanın Bakıdakı səfirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
“Krımda Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini öz andından imtina edərək silahı yerə qoymağa və Rusiya, yaxud Krım separatçılarının tərəfinə keçməyə sövq etmək üçün fəal cəhdlər davam edir. Həm Ukrayna (o cümlədən Baltik və Şimal dəniz donanmalarının hərbi texnikası və dəniz piyada qoşunları hesabına), həm də Çerniqov, Sumı, Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna sərhədinin quru hissəsi boyunca RF qoşunlarının sayı artırılır”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, rəsmi Kiyev Rusiya tərəfini təcavüzkar hərəkətlərə son qoymağa inandırmaq, beynəlxalq ictimaiyyəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək məqsədilə səfərbər etmək üçün bütün siyasi-diplomatik metodlardan istifadə etməkdədir. “Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri ən yüksək səviyyədə döyüş hazırlığına gətirilib. Ukraynalı əsgər və zabitlər RF silahlı bölmələri tərəfindən təzyiqin qabağını alırlar. Ukraynanın bütün dövlət orqanları təxribatların qarşısını almağa istiqamətlənib, eyni zamanda RF-nin təcavüzkar hərəkətlərinin inkişafı halında zəruri tədbirlər görməyə hazırdır. Bu günə olan vəziyyətə görə, Ukraynada Rusiya Silahlı Qüvvələri, RF vətəndaşları, dövlətimizin ərazisində rusdilli əhaliyə qarşı təxribat xarakterli heç bir hal qeydə alınmayıb”, - deyə məlumatda bildirilir.
Səfirlik vurğulayır ki, hazırda Ukraynada ölkənin bütün siyasi qüvvələrini, o cümlədən əvvəllər eks-prezident Viktor Yanukoviçin rəhbərlik etdiyi “Regionlar Partiyası”nın nümayəndələrini birləşdirən tam qanuni hakimiyyət fəaliyyət göstərir.
“Ukraynada konstitusiyadan kənar rejimlə bağlı mətbuatda səslənən bəyanatlar subyektiv xarakter daşıyır və Rusiyanın müəyyən siyasi dairələrinin təbliğat xarakterli iddialarına əsaslanır. 21 fevral tarixində Ukraynada böhranın nizamlanmasına dair saziş imzalayan Viktor Yanukoviç artıq fevralın 22-də onun müddəalarını icra etməkdən imtina edib və sadəcə olaraq ölkədən qaçıb. Beləliklə, Ukrayna xalqı antikonstitusiya hərəkətlərinin və ya şəxsi maraqlarını bütün xalqın maraqlarından yüksək tutan, özünü xalq qarşısında tamamilə nüfuzdan salan bir nəfərin qanuna zidd hərəkətsizliyinin girovu olaraq qala bilməzdi. Bu, V.Yanukoviçin Ukrayna dövləti ərazisinə qoşun yeritməyə dair RF prezidenti V.Putinə ünvanladığı çağırışla təsdiq olunur ki, bu da Ukrayna xalqına növbəti xəyanətdir. Məhz bu səbəbdən o zaman üçün yeganə legitim orqan olan Ali Rada ölkənin böhrandan çıxmasına imkan yaradan qərarlar qəbul etdi”, - deyə məlumatda qeyd edilir.
Məlumata əsasən, rəsmi Buxarest Krımda dondurulmuş münaqişənin meydana gəlməsinin orta və uzunmüddətli perspektivdə Rumıniyanın milli suverenliyinə təhlükə yarana biləcəyinə diqqət çəkir. Türkiyə isə Ukrayna və Krım yarımadası ərazisində sabitlik və asayişin tezliklə bərpasının tərəfdarıdır.
Ukraynada baş verən hadisələrə beynəlxalq reaksiyadan başqa, Rusiya Silahlı Qüvvələrinin bu ölkənin ərazisinə zorla girməsi ilə əlaqədar Ukrayna Millətlər Assambleyasının (UMA) müraciəti də səciyyəvi xarakteri daşıyır. Müraciətdə xüsusilə vurğulanır ki, ölkənin regionundan asılı olmayaraq, o cümlədən Krım Muxtar Respublikasında vətəndaşlar heç bir siyasi, dil, milli və ya digər təzyiqlərə məruz qalmırlar.
Ukrayna Millətlər Assambleyasında Ukrayna Yəhudi Fondu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Rus icmaları, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan etnik xalqlara məxsus digər təşkilatlar birləşir.