Vergilər Nazirliyi 2013-cü ildə 9 504 vergi ödəyicisində səyyar yoxlamalar həyata keçirib, bu isə 2012-ci ilin göstəricisindən 14,8% azdır. Bu barədə “Vergilər” qəzetində (Vergilər Nazirliyinin mətbu orqanı) dərc edilmiş məlumatda qeyd olunur.
2013-cü ildə Vergilər Nazirliyinin səyyar yoxlamaları 5 874 hüquqi və 3630 fiziki şəxsi əhatə edib.
Əgər 2012-ci ildə faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin 4,8%-də səyyar yoxlamalar aparılmışdısa, 2013-cü ilin yekunları üzrə həmin yoxlamalar 4,2% vergi ödəyicisinə şamil edilib.
Aparılan yoxlamalar zamanı 9 467 vergi ödəyicisinin fəaliyyətində müəyyən pozuntular aşkar edilib.
“2013-cü ildə aparılan səyyar yoxlamalar əsasında dövlət büdcəsinə ödənilmək üçün əlavə hesablanmış məbləğ 710,7 mln. manat təşkil edib. Bunun 442 mln. manatını əlavə vergilər, 268,7 mln. manatını tətbiq olunan maliyyə sanksiyaları və cərimələr təşkil edib. 2012-ci illə müqayisədə əlavə hesablanmış vergilərin həcmi 43,7% artıb, tətbiq olunan maliyyə sanksiyaları 9,4% azalıb. 2013-cü ildə səyyar yoxlamaların yekunları üzrə dövlət büdcəsinə ödənilmək üçün əlavə hesablanmış məbləğin həcmi 2012-ci ilin göstəricisi ilə müqayisədə 17,7% artıb”, - deyə nazirliyin məlumatında qeyd olunur.
Əlavə vəsaitin 87,2%-i planlı səyyar yoxlamalar, 12,8%-i plandankənar yoxlamaların yekunları üzrə hesablanıb.
2013-cü ildə bir səyyar yoxlamanın yekunları üzrə əlavə vəsaitlərin orta həcmi 74,78 min manat təşkil edib, bu isə 2012-ci ilin göstəricisindən 38,05% çoxdur.