Azərbaycan son illər Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə müqayisədə Almaniya ilə ticari münasibətlərdə ən yüksək inkişafa nail olub. Bu barədə Azərbaycanın Baden-Vürtemberq federal torpağındakı fəxri konsulluğundan məlumat verilib.
“Ticarət əlaqələrinin bu artımı iki ölkə arasında olan güclü iqtisadi və siyasi münasibətlərlə bağlıdır", - deyə fəxri konsul Otto Hauzer qeyd edib.
Məlumatda bildirilir ki, Federal Statistika İdarəsinin 2013-cü ilin nəticələri ilə bağlı yaydığı hesabata əsasən, Almaniya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2012-ci illə müqayisədə 2013-cü ildə 31,2% artaraq 3,2 mlrd. avro təşkil edib. Azərbaycan etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, alman şirkətləri üçün müxtəlif iqtisadi sahələrdə cəlbedici bir bazara çevrilməkdədir. Azərbaycan hökuməti bir neçə ildir ölkədə uğurlu investisiya proqramları həyata keçirməkdədir. Neft gəlirlərindən səmərəli istifadə nəticəsində ölkənin iqtisadi infrastrukturu ən yüksək səviyyəyə çatdırılıb.
“Bu işdə Almaniya iqtisadiyyatının da dəstəyindən istifadə olunur. İnvestisiyaların artımı, eləcə də Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin genişləndirilməsi imkanları tükənməzdir”, - deyə fəxri konsul vurğulayıb.