Milli Məclis dövlət qulluqçularının icbarı sığortası sisteminin ləğvinə dair qanun layihəsinə baxacaq. Bu barədə parlamentin saytında məlumat verilir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bir gün əvvəl “Dövlət qulluqçularının icbari sığortası haqqında” qanunun ləğv edilməsinə dair qanun layihəsini təqdir edib. Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Dövlət qulluqçularının icbarı sığortasından imtina edilməsi Azərbaycanda qüvvədə olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla əlaqədardır.
Maliyyə Nazirliyinin məlumatına görə, 2012-2013-cü illərdə Azərbaycanda dövlət qulluqçularının icbarı sığortası həyata keçirilməyib.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun 2010-cu ilin iyul ayında qüvvəyə minib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk səviyyəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsi ilə yalnız həyat sığortası üzrə ixtisaslaşmış sığortaçılar məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti fəaliyyət göstərir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.