Azərbaycan əhalisinin 50,3%-ni qadınlar təşkil edir və mart ayının əvvəlinə onların sayı 4 mln. 772,4 min nəfərdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar çərşənbə günü Dövlət Statitika Komitəsindən məlumat verilib.
Qadınların 57,3%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər on qadın dünyaya 22 uşaq gətirir.
2013-cü ildə doğulmuş 172,7 min körpənin 46,4%-ni qızlar təşkil edib.
Azərbaycanda qadınların ömür uzunluğu 76,6 yaş təşkil edir, bu isə kişilərin orta ömür uzunluğundan 5,3 yaş yüksəkdir.
Statistik məlumatlara əsasən, qadınlar ölkənin məşğul əhalisinin 48,8%-ni təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,2%-i, orta ixtisas təhsil müəssisələrində 77,5%-i, ali təhsil müəssisələrində 47,2%-i, həkimlərin isə 64,4%-i qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 46%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,1%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,4%-i qızlardır.
Doktorantların 49,2%-ni, elmi işçilərin 51,2%-ni qadınlar təşkil edir.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 17%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,7%-i qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16%-ə çatıb.
Son bələdiyyə seçkilərinin nəticələri üzrə seçilmiş qadınların sayı beş dəfə artaraq 4,194 nəfərə çatıb, bu isə bələdiyyə orqanlarında əməkldaşların 26,1%-ni təşkil edir.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2,285 min nəfər olduğu halda, 2013-cü ildə 11,166 min nəfərə çatıb.