“Şimal” elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun (BQQ) tikintisi 2014-cü ilin sonuna qədər başa çatdırılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.
“Hazırda 400 MVt gücündə ikinci BQQ-nin tikintisi davam edir və bu ilin sonuna qədər biz tikinti işlərini başa çatdırmaq niyyətindəyik”, - deyə E.Pirverdiyev bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda enerji sisteminin müəyyən olunmuş orta gücü 6000 MVt təşkil edir. “Soruşa bilərsiniz ki, yeni stansiyalar tikilib, bəs nə üçün bu rəqəm yüksəlməyib? Biz praktiki olaraq “Şirvan” elektrik stansiyasının fəaliyyətini dayandırmışıq, buna görə də enerji sisteminin orta gücü 6000 MVt səviyyəsində qalıb”, - deyə E.Pirverdiyev izah edib.
Xəbər verildiyi kimi, ikinci BQQ-nin tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının ayırdığı 29 mlrd. 280 mln. yapon yeni həcmində ($275 mln.-dan çox) kredit hesabına maliyyələşdirilir. Kredit Azərbaycana 10 ili güzəştli olmaqla 40 il müddətinə və 0,75% dərəcəsi ilə verilib. Layihənin ümumi dəyəri $330 mln.-dan çoxdur.
Layihə 400 MVt gücündə BQQ-nin tikintisini, 107 km uzunluğunda 220 kilovoltluq ikidövrəli ötürücü xəttin çəkilməsini, eləcə də ötürücü xətlərin və yarımstansiyaların yenidən qurulmasını nəzərdə tutur. Tikinti işləri Yaponiyanın “Toyo Engineering Corporation” şirkəti tərəfindən həyata keçirilir.
“Şimal” elektrik stansiyasında artıq 400 MVt gücündə 1 BQQ fəaliyyət göstərir. Qurğu Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına “Mitsui/Mitsubishi” alyansı tərəfindən tikilib.