Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlığın inkişafından məmnundur. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
İ.Əliyev çərşənbə günü İƏT-in baş katibi İyad bin Amin Mədəni ilə görüşdə bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Görüşdə ölkəmiz ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulanıb.
Bundan başqa, İ.Əliyev Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri də qəbul edib.
Görüşdə Münhen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmi vurğulanıb, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirilib, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.