Lixtenşteyn Bakı ilə münasibətlərin genişləndirilməsində maraqlıdır. Bu barədə Lixtenşteyn Parlamentinin sədri Albert Frik Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı ilə görüşdə bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını və lixtenşteynli həmkarına ünvanladığı dəvət məktubunu A.Frikə təqdim edən səfir Bakının Lixtenşteynlə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Ə.Zeynallı Lixtenşteyn Parlamentinin sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyindən əminlik ifadə edib.
Səfir A.Friki Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqların hazırkı durumu barədə məlumatlandırıb.
Görüşdə iki ölkə arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib və ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.