Azərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində səfərdədir. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanışlıq, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlərin keçirilməsidir.
Eyni zamanda müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.
Z.Həsənov nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.