SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Lökbatan qəsəbəsinin sakinlərində təbii qazda odarantın təsiri altında kütləvi ürəkbulanma hallarının araşdırılması məqsədilə mütəxəssislərdən ibarət komissiya yaradıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
Şirkətin məlumatına görə, çərşənbə günü saat 10.30-da cari təmir işləri ilə əlaqədar olaraq Lökbatan qəsəbəsinə gedən boru xəttində qaz təchizatı dayandırılıb və saat 18.00 radələrində təbii qazın verilişi bərpa olunub.
Mövcud normativlərə əsasən, qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədilə “mavi yanacağ”ın tərkibinə kəskin qoxulu odarant maddəsi vurulur. Çərşənbə günü odarantın təsirindən Lökbatan qəsəbəsində V.Əskərov küçəsindəki bir neçə yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunub.
“Baş vermiş hadisə ilə əlaqədar SOCAR-da mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma işlərinə başlanılıb. Hazırda komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaq”, - deyə məlumatda qeyd edilir.
SOCAR və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan Respublikası ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-ində belə qurğular quraşdırılıb. Şirkət tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılıb.