Maliyyə Nazirliyi “Günay Sığorta” və “Royal Sığorta” şirkətlərinin lisenziyalarını dayandırıb. Bu barədə nazirliyin məlumatında qeyd olunur.
““Günay Sığorta” və “Royal Sığorta” şirkətlərinin məcmu kapitallarının qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əlaqədar onların lisenziyaları dayandırılıb”, - deyə məlumatda bildirilir.
“Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. “Günay Sığorta”nın nizamnamə kapitalı 4,2 mln. manata bərabərdir. Lakin şirkət nizamnamə kapitalını 6,4 mln. manata qədər artırmağı planlaşdırdığını elan etmişdi.
2013-cü ildə şirkətin sığorta haqqı yığımı 383,842 min manat, ödənişləri 84,451 min manat təşkil edib.
“Royal Sığorta” şirkəti 2011-ci ilin dekabr ayında sığorta fəaliyyəti üçün lisenziya əldə edib. Şirkətin nizamnamə kapitalı 5,5 mln. manata bərabərdir. Onun səhmdarları 5 fiziki şəxsdir.
2013-cü ildə şirkətin sığorta haqqı yığımı 128,257 min manat, ödənişləri 4,58 min manat təşkil edib.