Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi aktivləri 2013-cü ildə 19,5% - 717,8 mln. manata qədər artıb. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq
İsrafilov məlumat verib.
“2013-cü ilin əvvəlinə Azərbaycanda sığortaçıların ümumi aktivləri 600,8 mln. manat, 2014-cü ilin əvvəlinə 717,8 mln. manat təşkil edib”, - deyə M.İsrafilov cümə günü İcbari Sığorta Bürosunun (İSB) üzvlərinin iclasında bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi nizamnamə kapitalı 9% - 320,7 mln. manatadək, ümumi mənfəəti 49% - 60,5 mln. manatadək artıb.
M.İsrafilov vurğulayıb ki, 2013-cü ildə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 18,4% - 405,6 mln. manat, ödənişləri 30,8% - 122,8 mln. manatadək artıb.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 14 sığorta şirkəti büronun üzvüdür.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.