FİFA prezidenti Zepp Blatter bu il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Braziliyada səngimək bilməyən kütləvi etirazlarla bağlı narahatlığını ifadə edib. Bu barədə BBC məlumat verir.
O, iyun ayında çempionatın açılış mərasimində heç bir nitqin söylənilməyəcəyini deyib.
Blatter Almaniya KİV-lərinə bildirib ki, 2014-cü il futbol üzrə dünya çempionatının nümayişçiləri sakitləşdirəcəyinə ümid edir.
Ötən il futbol azarkeşləri dünya çempionatından qabaq Konfederasiya Kubokunun açılış mərasimində nitq söyləmək istəyən Braziliya prezidenti Dilma Rusefi hay-küylə qarşılayaraq fitə basmışdılar.
Etirazçılar ölkədə korrupsiya faktları və idman hadisəsinin keçirilməsinə ayrılan vəsaitin çox olması ilə əlaqədar küçələrə çıxıblar.