Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi erməni separatçıları tərəfindən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çərşənbə günü Türkiyə Respublikasının Quru Qoşunları Komandanı, ordu generalı Hulusi Akar ilə görüşdə bəyan edib.
DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, E.Quliyev bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20%-i, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometri işğal altındadır.
DSX rəisi türk generalını Azərbaycanın dövlət sərhədlərindəki əməliyyat şəraiti ilə tanış edib.
Qonaqlara Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Görüş iştirakçıları ikitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.