“Şahdəniz” layihəsi üzrə tərəfdaşlar arasında “Mərhələ-3” üçün kəşfiyyat işlərinin aparılmasına dair razılıq əldə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Şahdəniz” yatağının “Mərhələ-3” layihəsi üzrə konsepsiya hələ ki, yoxdur. Lakin biz layihə üzrə tərəfdaşlarımızla “Mərhələ-3”ün reallaşdırılması üçün seysmik və kəşfiyyat qazma işlərinin aparılmasını razılaşdırmışıq. Bu mərhələ çərçivəsində ehtiyatlar 500 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir və əgər bu təsdiq olunarsa, yatağın ümumi qaz ehtiyatları 1,7 trln. kubmetrə qədər artırıla bilər (indiki göstərici 1,2 trln. kubmetrdir - İF-Az), - deyə şirkət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, “Mərhələ-3” çərçivəsində qaz hasilatına 2025-ci ildən sonra başlanılacaq.
““Mərhələ-3” bizə uzun müddət yataqda qaz hasilatı həcmini pik səviyyədə - ildə 25 mlrd. kubmetr səviyyəsində saxlamağa imkan verəcək. Lakin “Mərhələ-3”ün həyata keçirilməsi hələ ki, bizdə olmayan ən yeni texnologiyaların tətbiqini tələb edəcək”, - deyə o qeyd edib.
SOCAR nümayəndəsi bildirib ki, “Şahdəniz” layihəsi üzrə tərəfdaşlar hasilatın həcminin pik səviyyədə saxlanılması üçün “Mərhələ-2” üzrə əlavə tədbirlərin görülməsinə dair razılığa gəliblər.
Daha əvvəl BP şirkətinin prezidenti Robert Dadliyə istinadən verilən xəbərə görə, “Şahdəniz” yatağının işlənməsi “Mərhələ-3” çərçivəsində davam etdirilə bilər və şirkət bu məqsədlə seysmik tədqiqatları və qiymətləndirmə işlərini davam etdirmək niyyətindədir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz $4,1 mlrd. dəyərində “Mərhələ-1” çərçivəsində hasil edilir. “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.
“Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə planlaşdırılıb. İllik hasilat həcmi 16 mlrd. kubmetr təşkil edəcək. “Mərhələ-2” $28 mlrd. səviyyəsində dəyərləndirilir.