Azərbaycan hökuməti 2014-cü ildə “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi üzrə müzakirələrə başlamağı planlaşdırır.
Bu qanun layihəsinin Azərbaycanın dövlət orqanlarının ekspertizasına təqdim olunması “Sənaye ili” çərçivəsində 2014-cü il üçün Tədbirlər Planında nəzərdə tutulub (2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib –İF-Az).
Tədbirlər Planı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub və cari ildə 5 istiqamət üzrə 45 tədbirin keçirilməsindən ibarətdir.
Birinci istiqamət sənaye potensialının gücləndirilməsidir. Bu istiqamətdə Azərbaycanda polad istehsalı kompleksinin qurulması məqsədi ilə məsləhətçi şirkətin cəlb edilməsi, texniki iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılması; alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi; Gəncə və Mingəçevirdə sənaye parkının yaradılması ilə bağlı təkliflərin Azərbaycan prezidentinə təqdim edilməsi planlaşdırılır.
İkinci istiqamət təşkilati tədbirlərin həyata keçirilməsidir. Bu istiqamətdə sənaye sahəsinə aid internet portalının və məlumat bazasının yaradılması; sənaye müəssisələri və məhsullarına dair elektron kataloqun yaradılması; yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun yaradılması və digər tədbirlər planlaşdırılır.
Üçüncü istiqamət sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsidir. 2014-cü ildə bu istiqamətdə sənayenin inkişafı məqsədilə elmi araşdırma və tədqiqatların aparılması, müxtəlif seminarların keçirilməsi və s. nəzərdə tutulur.
Dördüncü istiqamət normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsidir. Bu məqsədlə “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin aidiyyəti üzrə təqdim olunması;
sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanması planlaşdırılır.
Beşinci istiqamət təbliğat və təşviqat işlərinin aparılmasıdır. Bu istiqamətdə Plana
Azərbaycanda sənayenin inkişafı mövzusunda beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi daxildir.