Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 25,3 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 666 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 1,6 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə axşamı Ağstafa rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 3 707 investisiya layihəsinin həyata keçirilməsi üçün 135,2 mln. manat məbləğində güzəştli kredit verilib. Onların reallaşdırılması 5,3 mindən artıq yeni iş yerinin yaradılmasına imkan yaradıb.
“Cümə axşamı tədbir çərçivəsində 48 sahibkarlıq subyekti 1 mln. manatdan çox güzəştli kredit alıb. Verilən kreditlər çörək istehsalı, heyvandarlıq, quşçuluq, üzümçülük, arıçılıq və digər sahələrdə layihələrin reallaşdırılmasını nəzərdə tutur. Bu layihələrin maliyyələşdirilməsi 70-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.