Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın “Dövlət sərhədi haqqında" qanununu pozan və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilən Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yurqen Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə müraciət edib. Bu barədə cümə axşamı Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayevin bəyanatında deyilir.
Y.Klimke müraciətində 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barəsində məlumatlı olmadığını söyləyərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini vurğulayıb.
O, gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini deyərək adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.
Azərbaycan XİN qeyd edir ki, Y.Klimkenin müraciətinə müvafiq qaydada baxılacaq.