Şəmkirdə “Qadın Liderliyi və İdarəçilik Universiteti” adlı layihə çərçivəsində təlim keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Təlimlərə yerli özünü idarəetmə orqanlarında, dövlət və qeyri-dövlət təşkilatlarında çalışan 22-30 yaş arası ali təhsilli 36 qadın qatılıb. İkigünlük təlimin məqsədi qadın liderliyini artırmaq və qərar qəbuletmə prosesində xanımların iştirakını gücləndirməkdir”, – deyə Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə bildirib.
İştirakçılardan fəal və bacarıqlı 5 qadın gələcəkdə bu layihə çərçivəsində yaradılacaq “İdarəçilik Universteti”nin 2 aylıq kursunda iştirak huququ qazanacaq.
“Son illər Azərbaycanda qərar qəbuletmədə və yerli özünüidarəetmədə qadın iştirakçılığı ilə bağlı çox ciddi bir siyasət həyata keçirilir. Bu siyasətin həyata keçirilməsinə QHT də öz töfhələrini verməlidir”, – deyə M.Əlizadə qeyd edib.
Bu cür təlimlər Şəmkirlə yanaşı, Gəncə şəhərində, Samux, Göygöl və Daşkəsən rayonlarında da keçirilib.