Lipetsk şəhərində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Sevimli artistə ithaf...” adlı xeyriyyə konsert keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Konsertin təşklilatçıları qismində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk Vilayət Bölməsi Lipetsk Şəhər Administrasiyasının mədəniyyət departamenti və Şəhər Gənclər Birliyi çıxış edib.
“Oktyabr” kinoteatrının foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığının parlaq məqamlarını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib.
RAGB-nin Lipetsk Vilayət Bölməsinin rəhbəri Qəşəng Abbasova tədbiri açaraq qeyd edib ki, konsertdən yığılan vəsait əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım üçün istifadə ediləcək.
Tədbirin aparıcıları dahi müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat veriblər. Lipetsk vilayətinin istedadlı artistləri Savva Şevrikuko, Sergey Boçarov, Anton Pertsev, Səbinə Qasımova, Nadejda Proskurina, Eldar Kərimov və başqaları müğənninin repertuarından mahnılar ifa ediblər.
Bundan başqa, “İmpuls” xoreoqrafiya kollektivi və “Jemçujina” qaraçı mahnı və rəqs ansamblı maestronun mahnılarının sədaları altında rəqslər ifa ediblər.
Konsertin sonunda bütün artistlər popurri ifa ediblər.
Konsertin bütün iştirakçılarına tədbirin təşkilatçıları tərəfindən minnətdarlıq məktubları təqdim edilib.