Ünvanlı sosial yardımın verilməsi üçün sosial kartların yenilənməsi üzrə açıq tender elan edilib. Bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib.
“Köhnə kartların yeniləri ilə əvəz olunması məqsədilə sosial kartların buraxılışı və bu kartlar üzrə xidmətin göstərilməsi üçün yeni tenderin keçirilməsinə dair qərar qəbul olunub”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, tenderdə bütün banklar iştirak edə bilərlər. Lakin ən aşağı qiymətlər təklif edən və bankomatlarının sayı çox olan kredit təşkilatlarına üstünlük veriləcək.
“Sosial kartlar bizim bütün sosial yardım mərkəzlərinə üç ay müddətində kartları sahiblərinə çatdırmaq barədə göstəriş verməyimizə baxmayaraq, daxil olan şikayətlərin bu prosesin indiyədək başa çatmaması, kartların gizlədilməsi və digər faktların olması ilə əlaqədar yenilənir”, - deyə S.Müslümov bildirib.