Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision-2014” mahnı müsabiqəsində “Start a Fire” mahnısını ifa edəcək. Bu barədə İctimai Televiziyanın (İTV) məlumatında bildirilir.
Mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə B&W Hallerne səhnəsində keçiriləcək nüfuzlu mahnı müsabiqəsinin tamaşaçıları birinci yarımfinalda məhz bu mahnını dinləyəcəklər.
Gənc və istedadlı müğənni müsabiqədə ifa edəcəyi mahnını “güclü və eyni zamanda həssas qadının etirafı” kimi təsvir edir.
“Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir”, - deyə İTV D.Kazımovanın sözlərindən sitat gətirir.
Opera vokalı dərslərinin sayəsində Dilarə müxtəlif vokal janrlarında ifa etdiyi mahnılarla dinləyiciləri təəccübləndirməyi bacarır. Onun repertuarında operadan soula, caza və pop musiqiyədək hər janrda mahnı var.
Müğənninin sözlərinə görə, "Eurovision-2014" mahnı müsabiqəsində gerçək və təsirli mahnı ifa etmək istəyib: "Mahnının süjet xətti faciəvidir, ancaq parlaq gələcəyə ümid bəslənilir. Sanki qaranlıqda isti, ancaq çox çətinliklə görünən işıq axını görürsən. Mən indi bu mahnını yaşayıram, onu birinci notundan sonuncu notunadək hiss edirəm. Çox istəyirəm ki, auditoriya da onun dərin mənasını anlasın”, - deyə D.Kazımova qeyd edib.
“Start a Fire” mahnısı istedadlı müəlliflər – Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örn tərəfindən yazılıb. S.Örn “Eurovision- 2011”in qalib mahnısı “Running Scared”ın müəlliflərindəndir.