İqtisadiyyat və Sənaye Nazirliyi respublikada biznes mühitin yaxşılaşdırılmasına dair təkliflər paketini baxılmaq üçün dovlət orqanlarına təqdim edib. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bəyan edib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin 2 mart 2014-cü il tarixində imzaladığı fərmana əsasən, hökumətə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən biznes mühitin yaxşılaşdırılmasına dair təkliflər hazırlamaq tapşırılıb.
“Dövlət başçısının fərmanında nəzərdə tutulan tapşırıqların icrası plana uyğun həyata keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyi təkliflər paketi hazırlayaraq dövlət strukturlarına göndərib”, - deyə N.Səfərov bazar ertəsi fərmanın icrasının təmin edilməsi üçün təkliflərin müzakirəsi zamanı məlumat verib.
Nazir müavini qeyd edib ki, bu fərmanın icrası biznes və investisya mühitinin yaxşılaşmasına imkan yaradacaq.
“Ölkədə sahibkarlığın rolu artır, iqtisadiyyatın inkişafı sahinkarlığın inkişafından asılıdır. Bu səbəbdən həmin sənədin reallaşdırılması böyük əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd
Musayev bəyan edib ki, fərman sahibkarlığın, o cümlədən investisiya mühitinin inkişafına əlavə təkan verəcək.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı diqqəti korporativ idarəetmə standartlarının tətbiqinin vacibliyinə yönəldib. “Prezidentin imzaladığı fərman, həmçinin korporativ idarəetmə standartlarının tətbiqini nəzərdə tutur. Bununla belə həmin standartların səmərəli istifadəsi zəruridir. Bu, rəqabətə davamlı biznes mühitin inkişafına bilavasitə təsir göstərir”, - deyə R.Aslanlı bildirib.
Vergilər nazirinin müavini Sahir Məmmədxanov məlumat verib ki, vergi idarəsi informasiya texnologiyaları sahəsində nailiyyətləri tətbiq edərək vergi ödəyicilərinə bundan sonra da xidmət göstərəcək. “İT-nin tətbiqi bizə böyük uğurlar əldə etməyə imkan verib. Xüsusilə sahibkarlıq subyektlərinin qeydiyyat prosesi bir neçə aydan bir neçə günədək azalıb”, - deyə o bildirib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qeyd edib ki, “fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması qarşıya göstərilən elektron xidmətlərin sayının artırılması vəzifəsini qoyur və nazirlik bu istiqamətdə işi davam etdirəcək”.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov diqqəti tikinti sahəsində problemlərə yönəldib. "Obyektlərin tikintisi ilə bağlı bir sıra problemlər var. Obyektlərin tikintisi zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması idarəmiz və sahibkarlar arasında fikir ayrılığı və problemlərə gətirib çıxarır. Qanunvericiliyin tələblərinə hamı əməl etməlidir və biz əməkdaşlığa hazırıq", - deyə o bildirib.