Gənclər və idman naziri Azad Rəhimov Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin II konfransında iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Konfransın keçirilməsi ilə bağlı qərar 15-17 noyabr 2012-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Cibuti Respublikasında keçirilmiş 39-cu iclasında qəbul edilib.
Konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənclərin bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən müxtəlif səpkili tədbirlərin təşkil olunması, gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı müzakirə olunacaq.
Bundan başqa, islam ölkələri arasında məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, idman əməkdaşlığının genişləndirilməsi və digər mövzular da konfrans iştirakçılarının diqqət mərkəzində olacaq.
Konfrans çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının da təqdimat mərasimi olacaq.
Konfrans martın 18-dək davam edəcək.