Ukraynada milli azlıqlara qarşı heç bir fobiya yoxdur. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bəyan edib.
“Azərbaycan cəmiyyətini Ukraynada təhlükənin olması, orada əlaltıların avtomatla gəzməsi barədə məlumatlar narahat edir. Bu, həqiqət deyil və yalan təbliğatın bir hissəsidir”, - deyə diplomat vurğulayıb.
O qeyd edib ki, sovet illərində də Azərbaycanla Ukrayna arasında dostluq münasibətləri olub.
“SSRİ dövründə də Azərbaycanla münasibətlərimiz yaxşı olub. Azərbaycanlılara və digər xalqlara qarşı bizdə heç bir fobiya yoxdur. Ukraynada azərbaycanlılara və ya digər xalqlara münasibətdə heç bir pozuntu olmayıb. Bu səbəbdən bu gün Rusiyanın Ukraynada əhalinin hər hansı təbəqəsinin hüquqlarının müdafiəsi bəhanəsi altında siyasət yürütməsi barədə bəyanatlar yalandır”, - deyə A.Mişenko qeyd edib.